Səlimov Araz | Azərbaycan Qəhrəmanları
About Images

Səlimov Araz Bahadir

1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnmişdir. Bir müddət kolxozda çalışmış, 1978-ci ildə Sovet Ordusu sıralarında hərbi xidmətə getmişdir. Əsgəri xidməti Çelyabinsk vilayətində keçmişdir. 1980-ci ildə ordudan tərxis olunur və doğma yurdu Xocalıya qayıdır. O, burada südçülük-tərəvəzçilik sovxozunda traktorçu işləyir.

1988-ci ildə başlanan qanlı müharibə qeyrətli Vətən oğlu Araz Səlimovu da silah götürməyə məcbur etdi. O, 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazıldı. Araz ilk gündən öz cəsarəti ilə fərqlənir, bir pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verirdi. Araz Səlimov Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşaraq, onlarla qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtardı. Erməni yaraqlıları izinə düşərək, qardaşı Fəxrəddinlə onu Əsgəranda vəhşicəsinə qətlə yetirdilər.

Xocalı faciəsi zamanı bu ailədən üç nəfər - ata və iki oğul şəhid olmuşdur.

Evli idi. Bir oğul, iki qız atası idi.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Doğum Günü - 01.06.1960
Anım Günü - 26.02.1992