«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023

Ələkbərov Babək Mürsəl
POLKOVNİK ƏLƏKBƏROV BABƏK MÜRSƏL OĞLU 24.12.1987-ci ildə anadan olmuşdur.
Dəmir intizamı və dürüstlüyü ilə seçilən Babək Vətən Mühari¬bəsinin ilk günlərindən ən qızığın döyüşlərin getdiyi istiqamətlərdə əməliyyat qruplarına rəhbərlik etmişdir.
Vətən Müharibəsinə Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ istiqamətində, həmçinin, Ağdağ yüksəkliyi istiqamətində yerləşən düşmən müdafiəsinin yarılması əməliyyatlarına iştirak ilə başlayan Ələkbərov Babək dəmir intizamı və qorxmazlığı ilə fərqlənmiş, tabeliyində olanlara şəxsi nümunə göstərmişdir.
8 oktyabr 2020-ci ildən Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusu ilə birlikdə Füzuli və Cəbrayıl rayonları ərazisində gedən döyüş əməliyyatlarına qoşulmuş, Xocavənd rayonu ərazisində gedən döyüşlərdə sərhədçilərdən ibarət beş qrupa rəhbərlik etmişdir. Hadrut qəsəbəsinin düşməndən azad olunmasında, qəsəbənin və ətraf ərazilərin düşməndən təmizlənməsində yaxından iştirak etmiş, rəhbərlik etdiyi qruplar tərəfindən düşmənin xeyli sayda silah-sursat və döyüş texnikasını ələ keçirilmişdir. Xudafərin körpüsünün və ətraf ərazilərin düşməndən azad olunmasında əməliyyat qrupuna rəhbərlik etmişdir. 18 oktyabr 2020-ci ildə Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə raport vermişdir.
19-20 oktyabr 2020-ci il tarixlərdə Zəngilan şəhərinin və ətraf ərazilərin işğaldan azad edilməsi uğrunda döyüşlərə rəhbərlik etmiş, Zəngilanın işğaldan azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə raport vermişdir. 21 oktyabr 2020-ci ildə Zəngilana düşmənin əks-hücumunun qarşısını alarkən düşmənin 40-dan artıq canlı qüvvəsi məhv edilmiş və bir neçəsi əsir götürülmüşdür.
Vətən Müharibəsinin gedişatında iki dəfə vaxtından əvvəl hərbi rütbə alaraq polkovnik hərbi rütbəsinə yüksələn Babək Ələkbərov Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən strateji yüksəkliklərin azad edilməsi əməliyyatlarına rəhbərlik etmişdir.
Müharibənin gedişatında iki dəfə yaralanmasına baxmayaraq rəhbərliyin təkidi ilə hərbi hospitala göndərilsə də dərhal cəbhəyə qayıtmış və müharibənin sonunadək döyüş meydanını tərk etməmişdir.
Doğum Günü - 24.12.1987