«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Kərimov Bəşir Bəylər
2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açmışdır. 1983-cü ildə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək, Füzuli şəhərindəki texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. O, doğma kəndinin müdafiəsi üçün daim əsgərlərlə birgə postlarda olur, ərzaq və patron daşınmasında onlara yaxından kömək edirdi. 1993-cü ilin aprel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igidliklə vuruşurdu. B. Kərimov Qacar kəndinin işğalından sonra ailəsi ilə birgə Dilağarda kəndində məskunlaşdı. Sən demə, qaçqınlıq həyatı onun alnına yazılıbmış. 1993-cü ilin avqustunda Füzuli rayonu işğal olundu. Bundan sonra onlar İmişli rayonunun Yalavac kəndindəki texniki-peşə məktəbinin binasında sığınacaq tapmağa məcbur oldular. Doğma yerlərin işğalı ona rahatlıq vermirdi. O, daim cəbhəyə can atırdı. B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı.
Hərbi xidmətini Pirəküşküldəki hərbi hissədə başladı. Sonra, 3-4 oktyabr 1994-cü il hadisələri zamanı Gəncədə 777 saylı hərbi hissədə qulluq etdi.
1995-ci il... Mart ayının 13-17-də düşmən dəyirmanına su tökən bir qrup vəzifə hərislərinin başçılıq etdiyi silahlı dəstə Bakıda dövlətçiliyimizi təhlükə altında qoydu. Dövlət tərəfindən onlara silahı yerə qoymaq təklif olundu. Lakin silahlı dəstə əmrə tabe olmadı; qarşıdurma yarandı, qardaş qanı axıdıldı. B. Kərimov da döyüş dostları kimi dövlətçiliyimizin müdafiəsinə qalxdı. Bu qarşıdurmada onun gənc ömrü qırıldı.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Doğum Günü - 02.02.1976
Anım Günü - 14.03.1995