Ağayev Bəylər | Azərbaycan Qəhrəmanları
About Images

Ağayev Bəylər Tapdiq

3 fevral 1969-cu ildə Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdir. İki il sovxozda fəhlə işləmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Bəylər Ağayev 1989-cu ildə xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdır və sovxozda əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Onun qorxmazlığı, cəsurluğu elə ilk günlərdən diqqəti cəlb etmişdi. Ona görə də briqada komandiri onu bölmə komandiri təyin etdi. B.Ağayev Laçın rayonu ərazilərinin erməni işğalından təmizlənməsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. 1992-ci il... Avqustun 6-sı... Xanalılar kəndi uğrunda ağır döyüşlər gedirdi. Düşmənin qəfil hücumu... Onun bölməsi mühasirəyə düşür. Cəsur komandir üzünü yoldaşlarına tutaraq deyir: “Biz Vətən uğrunda ölümə gedirik. Ola bilsin, bu döyüş bizim son döyüşümüz olsun”. Bəylər ayağa qalxıb, döyüş yoldaşları ilə birlikdə hücuma keçir. Cəsur döyüşçülər düşmənin xeyli canlı qüvvəsini məhv edir və özləri də qəhrəmancasına həlak olurlar. Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Qarağaclı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Qaracallı kənd orta məktəbi onun adını daşıyır. Bu kənd hazırda erməni işğalı altındadır.


Doğum Günü - 03.02.1969
Anım Günü - 06.08.1992