Kərimov Elgiz | Azərbaycan Qəhrəmanları
About Images

Kərimov Elgiz Kərim

1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. 1977-ci ildə məktəbə getmiş, 1987-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə çağırılmışdır. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib, doğma yurda qayıtmışdır. Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Elgiz bu vəhşiliklərə dözə bilmirdi. O, 1991-ci ilin fevral ayında silaha sarılaraq, Vətəninin müdafiəsinə qalxdı. O, könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Gənc əsgərin şöhrəti elləri gəzdi. O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvanik kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı. Döyüşçülərimiz azad edildi. Ancaq, nə edəsən ki, Elgiz özü düşmən gülləsinə tuş gəldi. O, 21 yaşında canından əziz tutduğu Vətən torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bərdə rayonunda dəfn edilmişdir.


Doğum Günü - 05.01.1971
Anım Günü - 12.03.1992