«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Arazov Ənvər Talış
2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Üzərində cərrahiyyə əməliyyatı aparıldığı üçün o, orta məktəbdə təhsilini davam etdirə bilməmişdir. Sonralar texniki-peşə məktəbində oxumuşdur. O, ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlamışdır. Ənvər bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə ordu sıralarına çağırılır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə - Gəncəyə qayıdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirir.
Ənvər Arazov 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmağa başlayır.
1988-ci il... Azğın erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumlar edirdi.
Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd-yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov azğınlaşmış erməni daşnaklarına qarşı barışmaz mövqedə dayanmışdı. Xalq Hərəkatının ilk günlərindən onun səsi gah mitinqlərdən, gah da cəbhə bölgələrindən gəlirdi. O, erməni quldurları ilə açıq döyüşə girmək üçün Daxili İşlər orqanlarına daxil oldu və ilk günlərdən silaha sarıldı. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə bir çox uğurlu əməliyyat keçirdi, əsgərlərin mühasirədən çıxarılmasında böyük fədakarlıq göstərdi. 2 noyabr 1992-ci il... Ə. Arazovun son döyüşü... O, noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ağır döyüşə girdi. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərdi və qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Doğum Günü - 02.12.1953
Anım Günü - 02.11.1992