«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
İsmayilov Etibar Bəylər
29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur. 1981-ci ildə məktəbi bitirdikdon sonra kənddəki Su Artezianları İstismarı İdarəsində əmək fəaliyyətinə başlamışdır. Çilingər idi. O, az müddətdə kollektivin dərin hörmətini qazanmışdı. Etibar İsmayılov 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. Bir neçə özünümüdafiə taborunda fəaliyyət göstərdikdən sonra Ağdam özünümüdafiə batalyonuna daxil olur.
O, Naxçıvanik, Şelli kəndlərinin müdafıəsində xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərdi. E. İsmayılov Ağcabədi özünümüdafiə taboru yaradılanda öz həmyerliləri kimi bu tabora qoşuldu. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Etibar tez-tez kəşfiyyata gedir, mühüm məlumatlarla geri qayıdırdı. Strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi. 4 yanvar 1994-cü il... Kəşfiyyat qrupu xüsusi tapşırıq almışdı: Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Əməliyyata başlayan kəşfiyyat dəstəsi mühasirəyə düşür. O, vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarını xilas etmək üçün axırıncı qumbaranı əlində bərk sıxaraq, özünü düşmən tankının altına atır... Tankı və onun ekipajını məhv edən cəsur döyüşçü yoldaşlarının mühasirədən çıxmasına imkan yaratdı. Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəsədi döyüş meydanında qalmışdır.
Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
Doğum Günü - 29.03.1964
Anım Günü - 04.01.1994