Rüstəmov Füzuli | Azərbaycan Qəhrəmanları
About Images

Rüstəmov Füzuli Salah

25 dekabr 1965-cı ildə Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. O, burada səkkizillik məktəbi bitirmişdir. Ailəsinin ağır şəraitdə yaşaması onu erkən vaxtlarından işləməyə vadar etmişdir. O, əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləmişdir.

Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən qəlbində ermənilərə qarşı nifrət hissi közərirdi. Elə həmin vaxtlardan da silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. Füzuli 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıtdı. Bunun üçün ona 4 ay həbs cəzası verdilər. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı Aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatı həyata keçirmək üçün 4 nəfərdən ibarət qrup ayrıldı. Qrupun tərkibində F.Rüstəmov da var idi. Əməliyyat uğurla başa çatdırıldı.

Füzuli, Xocalı özünümüdafiə dəstəsi yaradılanda, əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. O, Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində çox fədakarlıqlar göstərmişdir. Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdur. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəldi. Boynundan ağır yara almışdı. Onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.

Doğum Günü - 25.12.1965
Anım Günü - 26.02.1992