«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Mirzəyev İlqar Anzor
İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olmuş, 1990-cı ildə bitirmişdir. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. İlqar Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin polkovniki idi. O, 1995-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirmişdir. Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, "Vətənə Xidmətə görə" II və III dərəcəli medalı ilə təltif olunmuşdur. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuş və Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlmişdir. 2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci il, Tovuz istiqamətində olan döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. İyulun 15-də İlqar Mirzəyev, Bakı şəhərində, İkinci Fəxri Xiyabanda son mənzilə yola salınmış və uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. Sadəcə ailə üzvləri və yaxınları üçün olan vida mərasimində müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov da iştirak etmişdir. İlqar Mirzəyev ailəli idi; 1 oğlu və 1 qızı yadigar qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il sərəncamı ilə ölümündən sonra İlqar Mirzəyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdi.
Doğum Günü - 08.05.1973