Məmmədov Kazim | Azərbaycan Qəhrəmanları
About Images

Məmmədov Kazim Ərşad

1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açmışdır. 1976-cı ildə buradakı 1 saylı orta məktəbə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna vermiş və tələbə adını qazanmışdır.

1988-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Çelyabinsk şəhərində çəkmişdir. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmək üçün Gəncəyə gəlir. O vaxt Azərbaycanın başı üstünü qara buludlar almışdı. Erməni yaraqlılan tez-tez bölgələrimizə hücumlar edirdilər. Kazım Məmmədov buna dözməyərək, texnikumun qiyabi şöbəsinə keçir. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayır və tezliklə də cəbhəyə yollanır. O, ilk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirir.

15 noyabr 1991-ci il... Ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücum etmişdi. Qüvvələr qeyri-bərabər idi. Sayca üstün olan düşmən hər vəchlə sədləri qırmağa çalışırdı. Kazım boş evlərdən birində özünə münasib mövqe seçib, düşmənin ondan artıq canlı qüvvəsini məhv edir; ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Kiçik çavuş K.Məmmədov burada qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Böyük Mərcanlı kəndində dəfn edilmişdir. Oxuduğu məktəbə adı verilmişdir. Məktəbin önündə büstü qoyulmuşdur. Adına 3 mükafat təsis edilmişdir.


Doğum Günü - 01.10.1969
Anım Günü - 15.11.1991