Quliyev Mətləb | Azərbaycan Qəhrəmanları
About Images

Quliyev Mətləb Kamran

9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı pambıqçılıq sovxozundakı orta məktəbdə almışdır. Sonra ailəsi Sumqayıt şəhərinə köçmüşdür. O, təhsilini səkkizinci sinfə qədər buradakı 13 saylı orta məktəbdə davam etdirmişdir. Hərbçi olmaq həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Burada oxuyarkən o, hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. O hərbi məktəbi müvəffəqiyyətlə bitirir, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestində çilingər işləyir. Az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukrayna Respublikasında keçir. Ordudan tərxis olunan il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. İnstitutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.

1992-ci ildə daxili işlər orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu. O, yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əl-ələ, ürək-ürəyə vermək lazımdır. O, tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.

Müharibə isə səngimək bilmirdi.

1992-ci ilin avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi oyatmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmən üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı yenidən pulemyota qoşur. O, bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-cı il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sumqayıt şəhər 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.


Doğum Günü - 09.01.1959
Anım Günü - 31.08.1992