«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Əhmədov Natiq İlyas
1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəb... Sonra Kalininqrad şəhəri... Artilleriya hissəsində hərbi xidmət... Natiq 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət burada qalıb işləyir. Vətən çəkir onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlif idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu.
Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini - karateni öyrənmişdi.
O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəliş son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.
N.Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi. Neçə dəfə ermənilərlə əlbəyaxa da olmuşdu.
26 sentyabr 1991-ci il... O, xidmət yoldaşı Əli ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.
Doğum Günü - 01.09.1969
Anım Günü - 26.09.1991