«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Quliyev Nazim Qabil
7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində doğulmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Hərbi hissədə nümunəvi xidməti komandirin diqqətindən yayınmır. Onu 6 aylıq hərbi məktəbə göndərirlər. O, xidmətini başa vurub doğma yurda qayıdır və 2 saylı şərab zavoduna işə qəbul olunur.
1988-ci ildə Qarabağ münaqişəsi başlayanda silaha sarılaraq, özünümüdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır.
1991-ci ilin aprel ayında Füzuli rayon Polis Şöbəsində təşkil olunan post-patrul rotasına sıravi polis kimi işə qəbul olunur. O, Füzuli bölgəsində yerləşən kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərin əksəriyyətində iştirak edir və döyüşlərdə dəfələrlə fərqlənir. O, mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərir, yaralıların təcili olaraq xəstəxanalara çatdırılmasında əlindən gələni əsirgəmirdi. O, bütün tapşırıqları layiqincə yerinə yetirdiyinə görə polis starşinası rütbəsi alır və bölmə komandiri təyin edilir. O, öz bölməsi ilə tez-tez qaynar nöqtələrdə olur, düşmənlə ağır döyüşlərə girir və hər dəfə də qələbə ilə geri dönürdü. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu.
9 yanvar 1992-ci il... Köşbək kəndi uğrunda gedən döyüşlərdə 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim Quliyev dəstəsi ilə özünü ora çatdırır. Gərgin keçən döyüşdə düşmən geri otuzdurulur və əsgərlər mühasirədən çıxarılır. Bunun ardınca yeni bir tapşırıq alır. O, vaxt itirmədən idarə etdiyi BTR-i (zirehli döyüş maşını) işə salaraq birbaşa düşmən üzərinə sürür. İlk həmlədə ermənilərin 2 əsas döyüş nöqtəsi susdurulur. Bununla da mühasirədə qalmış hərbi texnikanı azad etmək mümkün olur. Lakin düşmən gülləsi igid döyüşçüdən yan keçmir.O, 27 yaşında gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Füzuli rayonu ərazisində dəfn edilmişdir. Füzuli rayonunun Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.
Doğum Günü - 07.02.1965
Anım Günü - 09.01.1992