«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Nəsrəddinov Rafiq Hüseyn
18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbə getmiş, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1979-cu ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub, Bakı Dövlət Universitetinə daxil olmuşdur. O, 1987-ci ildə universiteti müvəffəqiyyətlə bitirərək, Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilmişdir. O, 1992-ci ildə bir zabit kimi Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Cəbhəyə gəldiyi ilk gündən özünü təcrübəli zabit kimi göstərmişdir. Rafiq döyüş dostları arasında böyük hörmət qazanmışdı. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərargah rəisi təyin etmişdir. O, Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində yaxından iştirak edərək dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdir. Baş leytenant R.Nəsrəddinovun son döyüşü 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində olmuşdur. O, qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşaraq, qəhrəmanlıqla həlak olmuşdur.
Ailəi idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 39 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Doğum Günü - 18.03.1961
Anım Günü - 06.09.1992