Hüseynov Rövşən | Azərbaycan Qəhrəmanları
About Images

Hüseynov Rövşən Şəmil

22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.

Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə - Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.


Doğum Günü - 22.02.1967
Anım Günü - 11.05.1992