Polovinko Ruslan | Azərbaycan Qəhrəmanları
About Images

Polovinko Ruslan Aleksandroviç

21 oktyabr 1969-cu ildə Xarkov vilayətinin Zmiyev şəhərində mühəndis ailəsində doğulmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra - 1991-ci ildə Naxçıvan şəhərində yerləşən 15425 saylı hərbi hissəyə göndərilmişdir. Azərbaycanda Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirmişdir.

O, 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə qarşı keçirilən əməliyyatlarda fəal iştirak etmişdir.

Bu, danılmaz bir faktdır ki, Azərbaycana qarşı keçirilən əməliyyatlarda erməni faşistləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş muzdlular da iştirak edirdi. Bu faktı dünya ictimaiyyətinə sübut etmək lazım idi. Məhz Ruslan həmin quldurların cəsədlərini ələ keçirməyə müvəffəq oldu.

Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə səma qartalı düşmənin başına od ələyirdi. 6 avqust 1992-ci ildə Kasapet yüksəkliyində özünə mövqe seçən düşmən, piyada döyüşçülərimizi çətin vəziyyətə salmışdı. Bundan xəbər tutan səma qartalları bircə anda havaya qalxdılar. Mİ-24 vertolyotunda üç dəfə təhlükəli zonaya uçuş keçirən cəsur şahinlər düşmənin mövqelərini darmadağın etdilər. Onlar, həmçinin atəş altında yaralıları, meyitləri də çıxarmağa müvəffəq oldular. Dördüncü uçuşda vertolyot raket atəşinə tutuldu. Bu, onların son uçuşu oldu. Həmin gün vertolyotun bütün heyəli - Z.Məcidov, C.Rəhimov və R.Polovinko qəhrəmancasına həlak oldular.

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Doğulduğu Zmiyev şəhərində dəfn edilmişdir.


Doğum Günü - 21.10.1969
Anım Günü - 06.08.1992