«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Məmmədov Seymur Qəhrəman
18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə getmiş, 1988-ci ildə məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet - red.) elektrotexnika fakültəsinə daxil olmuşdur. O, təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyirdi. 1991-ci ildə hərbi xidmətə göndərilmişdir. O, Vladimir vilayətinin Kovrov şəhərində artilleriya üzrə 6 aylıq kurs keçir, sonra Almaniyaya göndərilir. Bir müddətdən sonra isə Ukrayna Respublikasının Çerniqov şəhərində xidmətini davam etdirir. Hərbi xidmətdən qayıtdığı gündən, könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır. Bu ərəfədə bir neçə kəndimiz ermənilər tərəfindən işğal edilmişdi. O, çox gənc olmasına baxmayaraq həmişə qaynar nöqtələrdə olur, ən çətin əməliyyatlarda iştirak edirdi. Seymur onlarla azərbaycanlı əsirin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərmişdir.
1 aprel 1992-ci il... Seymurun son döyüşü... Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edildi. Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi onun ömrünü qırdı.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu məktəb onun adını daşıyır.
Doğum Günü - 18.09.1971
Anım Günü - 01.04.1992