«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Müslümov Valeh Əlizaid
1968-ci il sentyabrın 2-də Lerik rayonunda doğulmuşdur. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə səkkizinci sinifi bitirmişdir. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan tərxis olunur və Sumqayıta qayıdır. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir, mərdliklə vuruşur. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedir. 1992-ci il... Aprel ayının 14-ü Marquşevan kəndində gedən döyüş... Erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçir. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Əfsus ki, öz həyatını xilas edə bilmədi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lerik rayonunda dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb onun adını daşıyır.
Doğum Günü - 02.09.1968
Anım Günü - 14.04.1992