«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Əliyev Vasili Əhməd
15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur.
1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Ordudan tərxis olunduqdan sonra onu mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu “Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.
O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı. V.Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
1992-ci il... Oktyabrın 19-u.... Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu, Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.
Doğum Günü - 15.01.1959
Anım Günü - 20.10.1992