«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Mürsəlov Vüqar Mirəzbər
10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açmışdır. 1980-ci ildə burada 1 saylı orta məktəbi bitirdikdən sonra 67 saylı Bakı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumu... O, texnikumu əla qiymətlərlə başa vuraraq, Belorusiyanın Brest şəhərində hərbi xidmətə başlayır. Qvardiya baş çavuşu... Tankçı... Bu adlarla Vüqar 1984-cü ildə ordudan tərxis olunur. O, Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır.
V.Mürsəlov 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Keçdiyi döyüş yolunun xəritəsi belədir: Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə... Azərbaycanın hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə atılan bu cəsur döyüşçü, işğal ilə heç cür barışmırdı. Döyüşlərdə sinəsini düşmənə sipər edirdi. O, neçə dəfə döyüş yoldaşlarını ölümün pəncəsindən xilas etmişdi. 9 iyun 1992-ci il... Erməni faşistləri Tərtər rayonunun Cəmilli kəndi istiqamətindən hücuma keçmişdilər. V.Mürsəlov son nəfəsinəcən döyüşdü.
Lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına küçə vardır.
Doğum Günü - 10.03.1963
Anım Günü - 09.06.1992