«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Edilov Yelmar Şahmar
10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açmışdır. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Baş vermiş bir hadisə onu ordudan geri dönməyə məcbur etdi. Qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı boyun sümüyü zədələnmişdi. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olundu və texnikumda yarımçıq qalmış təhsilini davam etdirməyə başladı. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəldi.
1988-ci il... Ermənilərin Azərbaycana ərazi iddiaları başlayan vaxtdan Yelmar Edilov namuslu bir Vətən övladı kimi dincliyini də, yuxusunu da itirmişdi. O, könüllü müdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Yalnız 1990-cı il hadisələrindən sonra bu yöndə müəyyən işlər görülməyə başladı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri - Sırxavənd, Qazançı, Kiçan və Fərrux erməni hərbçiləri tərəfindən gecə-gündüz atəşə tutulurdu. Ümid yerli özünümüdafiə dəstələrinə qalmışdı. Belə bir vaxtda Kolanı kəndində Y.Edilovun başçılığı ilə belə bir dəstə yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərirdi.
11 aprel 1994-cü il... Cəsur komandirin son döyüşü... Düşmən böyük qüvvə ilə “Çərik” kökəltmə məntəqəsinə tərəf hücuma keçir. Y. Edilovun komandirlik etdiyi tabor ölüm-dirim savaşına girir. Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2 tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən düşmən geri çəkilməyə məcbur olur. Lakin hələ həlledici zərbə endirilməmiş, hələ döyüş bitməmişdi. Gözlənilmədən Yelmarın yanında bir mərmi partladı. Beləcə onun ömrü də, arzuları da qırıldı. Cəsur komandir 48 yaşında gözlərini əbədi yumdu.
Evli idi. 7 övlad atası idi - beş oğul, iki qız.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Doğum Günü - 10.04.1946
Anım Günü - 11.04.1994