«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Sariyev Zaur Rəşid
28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində doğulmuşdur. 1981-ci ildə burada birinci sinfə getmiş, 1989-cu ildə onuncu sinfi bitirmişdir. Həmin il 15 saylı Gəncə şəhəri texniki-peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. Zaur 1993-cü il iyulun 6-da Şəmkir rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağırılır.
Əvvəlcə, Qusar rayonunda yerləşən hərbi hissədə təlim keçir. Çox keçmir ki, onu döyüş bölgəsinə göndərirlər. Gənc əsgərin döyüş yolu Tərlərdən başlayır və Füzuli, Ağdam, Kəlbəcər, Murovdağa qədər uzanır. Cəsur bir döyüşçü kimi o, yoldaşlarının və komandirlərinin hörmətini qazanmışdı.
1994-cü ilin sərt qışı... Zaur bir dəstə döyüşçü yoldaşı ilə birlikdə Murovdağ istiqamətində kəşfiyyata getmək əmri alır. Onlar kəşfiyyat zamanı mühasirəyə düşürlər. İgid əsgərlər düşmənə ciddi müqavimət göstərərək, 13 gündən sonra mühasirədən çıxmağa müvəffəq olurlar. Zaurun əl-ayağı donmuşdu. O, 2 ay müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdır. Çox keçmir ki, çavuş rütbəsi alır və ona qrup komandirliyi həvalə edilir.
Daha sonra Zaur 776 saylı hərbi hissədə xidmət etməli olur. Uzun döyüş yolu keçmiş cəsur əsgər, sonra daha təhlükəli anlar yaşayır. 1995-ci il martın 13-də bir ovuc üzüdönüyün başçılıq etdiyi silahlı dəstə Azərbaycanın suverenliyinə, müstəqilliyinə zərbə vurmaq üçün ölkədə dövlət çevrilişinə cəhd edir. Nizami ordunun əsgərləri artıq silahlı dəstə ilə üz-üzə qalır. Zaur bu döyüşdə gənc ömrünü Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda qurban verir.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Doğum Günü - 28.01.1974
Anım Günü - 15.03.1995